Search

Axtarış

BDU-da YERİNƏ YETİRİLMİŞ VƏ AMEA-NIN 2011-ci il HESABATINDA QƏBUL OLUNMUŞ ELMİ-TƏDQİQAT İŞLƏRİNİN MÜHÜM NƏTİCƏLƏRİ (SAHƏLƏR ÜZRƏ)

Fizika-riyaziyyat və texnika elmləri sahəsində

1. Problem: Anizotrop qeyri-bircins konik və silindrik örtüklərin asimptotik nəzəriyyəsi

Qeyri-bircins anizotrop konik və silindrik örtüklər üçün  qeyri-bircins, bircins həlləri qurmağa imkan verən üçölçülü nəzəriyyələr işlənib hazırlanmışdır. Əsas sərhəd məsələlərinin həlləri örtüyün daxilində və onun sərhəddinin ətrafında tədqiq edilmişdir.

İcraçılar: Tətbiqi analizin riyazi üsulları kafedrası, AMEA-nın müxbir üzvü, prof.M.F.Mehdiyev, dos.N.Q.Əhmədov, f.r.e.n., b/m N.İ.Fomina

2. Problem: Xətti kvadratik qeyri səlis  idarəetmə məsələlərində optimal tənzimləyicilərin qurulması üsulları

İdarəetmə sistemlərində başlanğıc verilənlər qeyri-səlis təsvir olunduğu halda, yeni yanaşma tətbiq edilərək optimal tənzimləyicilər üçün yeni düstur alınmış, ilk dəfə olaraq uyğun qeyri-səlis məsələnin həlli Cəbri Matris Rikkati tənliyinin həlli  ilə ifadə olunmuş, məsələnin həlli alqoritmi verilmişdir. Alınan nəticələr qazlift üsulunun optimallaşdırılması məsələsinə tətbiq edilmişdir.

İcraçılar: TR ETİ, akademik F.Ə. Əliyev, İqtisadi sistemlerin riyazi modelləşdirilməsi şöbəsinin müdiri , f.r.e.d. A.A.Niftiyev, Məlumat hesablama sistemləri  şöbəsinin müdir, f.r.e.n., M. M. Mutəllimov, Sistemli analizin riyazi məsələləri şöbəsinin müdiri, f.r.e.n., N.A.İsmayılov.

3. Problem: Yarıinklüziv  proseslərində ikispinli asim­met­ri­ya­lar

Standart model çərçivəsində yarıinklüziv proseslərində ikispinli asimmetriyalar üçün ifadələr alınmışdır. Göstərilmişdir ki, ikispinli asimmetriyalar x y kinematik dəyişənlərindən kəskin asılıdır, z dəyişənindən isə asılı deyildir.

İcraçılar: Nəzəri fizika kafedrası, Müxb.üzv A.İ.Muxtarov, prof. S.Q.Abdullayev,

4. Yarımkeçiricilərdə və dielektriklərdə elektromaqnit və akustooptik proseslərin fiziki-texniki problemləri

İfratqəfəsdə olan cırlaşmış və sırlaşmamış elektron qazının kvantlayıcı maqnit sahəsində entropiyası hesablanmışdır. Müəyyən edilmişdir ki, ikiölçülü elektron qazının entropiyasının qiyməti üçölçülü elektron qazının entropiyasından böyükdür. Göstərilmişdir ki, cırlaşmış kvaziikiölçülü elektron qazının entropiyası hal sıxlığı funksiyası ilə təyin olunur. Kvant limiti halında cırlaşmış ikiölçülü elektron qazının entropiyasının üçölçülü elektron qazının entropiyasına olan nisbəti yükdaşıyıcıların uzununa və eninə effektiv kütlələrinin nisbəti ilə təyin olunur.

İcraçılar:  Bərk cisimlər fizikası kafedrası, akad. B.M.Əsgərov, f.r.e.d. S.R.Fiqarova, f.r.e.n. M.M.Mahmudov

5. Problem: Binar bərk məhlulların monokristallarının alınma xüsusiyyətlərinin tədqiqi

Güclü seqreqasiyaya malik olan binar bərk məhlulların monokristallarının silindrik putadan dartmaqla alarkən kristal boyunca tərkibin pilləli paylanmasını təmin edə bilən sabit tərkibli qidalandırıcının yeni həndəsi quruluşu təklif edilmişdir. Bu quruluşda müxtəlif diametrli silindrik və kəsik konus hissələr bir-birini əvəz edir. Burada müxtəlif sabit tərkibli hissələrin sayı ixtiyari qədər ola bilər. Monokristal boyunca tərkibin paylanma qanunu kəsilməzlik tənliyinin həllindən alınır. Təklif edilmiş üsul Ge-Si bərk məhlulları üzərində həyata keçirilmişdir.

İcraçı: Yarımkeçiricilər fizikası kafedrası, AMEA-nın müxbir üzvü, prof.V.İ.Tahirov

6. Problem: Nüvə və elementar zərrəciklərin qarşılıqlı təsiri nəticəsində yaranan proseslərin tədqiqi

Zərrəciklərin quruluşu nəzərə alınmaqla neytron və protonların nüvələrdən səpilməsi zamanı ikincili zərrəciklərin alınmasının effektiv kəsiyi üçün ifadələr alınmışdır. Difraksiya və impuls yaxınlaşması  alınan ifadələri analitik olaraq tədqiq etməyə imkan verir.

İcraçılar: Maddə quruluşu kafedrası, f.r.e.d. S.Ə.Hacıyev, f.r.e.d. S.Q.Əbdülvahabova, f.r.e.n. N.Ş.Barxalova, f.r.e.n. X.Ş.Abdullayev, f.r.e.n. T.O.Bayramova

Kimya elmləri sahəsində

1. Problem: Karbon və neft turşularının praktiki əhəmiyyətli törəmələrinin sintezi

Karbon və neft turşularının etanolaminlə termiki reaksiyasından dərman maddələri və sürtgü yağı kimi əhəmiyyət kəsb edən asilamidoetilalkanoatların effektli alınma üsulu  hazırlanmışdır.

İcraçılar: Üzvi kimya kafedrası, akad. A.M.Məhərrəmov, prof.M.N.Mə­hər­rəmov, k.e.n.A.H.Lütfəliyev, k.e.n.X.A.Qarazadə.

2. Problem: Elektromaqnit dalğalarını udan nanokompozisiya materialı

Kimyəvi oksidləşmə ilə sintez olunan polianilin-polimetakril turşusu/Fe3O4 nanokompozitinin skan edilmiş elektron mikrofotoqrafiyası  və rentgen şüalarının difraksiyası göstərir ki, PAN/PMAT kompozitində  Fe3O4 nanohissəcikləri bircins paylanır və nanokompozitlərin elektrik keçiriciliyi tezlikdən asılı olaraq artır. Göstərilmişdir ki, Fe3O4-nin mol faizi artırıldıqda və PAN/PMAT sopolimerinə Fe3O4 nanohissəcikləri daxil edildikdə alınmış nanokompozisiyalarda elektromaqnit dalğalarının udulması artır.

İcraçılar: Üzvi kimya kafedrası, akad. A.M.Məhərrəmov, Nanomaterialların kimyəvi fizikası kafedrası, prof. M.Ə.Ramazanov, k.e.f.d. F.V.Hacıyeva

3. Problem: Palladiumun (II) müxtəlif obyektlərdə təyini üçün yeni spektrofotometrik-sorbsion metod.

Malein anhidridi-stirol sopolimeri formaldehid iştirakında müxtəlif aminlərlə modifikasiya edilərək alınan yeni polimer sorbentlər vasitəsilə Pd(II) ionunun  müxtəlif sulfidli filizlərdə,  ərintilərində və həmçinin mürəkkəb tərkibli alınan sularda təyini üçün iqtisadi cəhətdən səmərəli ekspres spektrofotometrik-sorbsion metodika işlənib hazırlanmışdır.

İcraçılar: Analitik kimya kafedrası, AMEA-nın müxbir üzvi, k.e.d. prof. R.Ə.Əliyeva, k.e.d. prof.F.M.Çıraqov

Biologiya  elmləri sahəsində

1. Problem: Bakteriosinlər vasitəsilə pendirdə biogen aminlərin toplanmasının qarşısının alınması

Azərbaycanda istehsal olunmuş turşsüd məhsullarından iki yeni bakteriosinogen süd turşusu bakteriyası izolə edilmiş, onların bakteriosinlərinin in sity şəraitdə pendirlərdə biogen aminlərin yaranmasına səbəb olan bakteriyaların inkişafının ləngitməsi aşkar edilmiş və beləliklə pendirlərdə bakteriosinlər vasitəsilə biogen aminlərin toplanmasının qarşısının alınmasının mümkünlüyü sübut olunmuşdur.

İcraçılar: Biokimya və biotexnologiya kafedrası, prof. A.Ə.Quliyev, dos.S.Q.Güləhmədov, dos. N.A.Abdullayeva, b.e.n. N.F.Abdullayeva

2. Problem: Stress amillərə qarşı bioloji sistemin davamlılığının molekulyar mexanizmi

1. Abşeron yarımadasında bitən beş növ bitkilərdə EPR üsulu ilə maqnetit hissəcikləri aşkar edilmişdir. Bitki yarpaqlarındakı EPR siqnalının parametrləri (g=2,38; ΔH=32 mTl) və temperaturun azalması ilə onların dəyişməsi sintez olunmuş maqnetit nanohissəciklərin EPR siqnallarının xarakteristikalarına uyğundur.

İcraçılar: Biofizika və molekulyar biologiya kafedrası, f.r.e.d., prof. R.İ.Xəlilov, AMEA Radiasiya Problemləri İnstitutu, biol.üzrə fəlsəfə doktoru A.N.Nəsibova, AMEA-nın müxbir üzvü, k.e.d. A.A.Qəribov.

Ekologiya elmləri sahəsində

1. Problem:  Böyük Qafqaz torpaqlarının ekoloji qiymətləndirilməsi və  monitorinqi

Böyük Qafqazın şimal-şərq yamacı torpaqlarının münbitliyinin balla ifadə olunmuş qiymətləri ilə yem sahələrinin məhsuldarlığının və kənd təsərrüfatı bitkilərinin məhsulveriminin balla ifadə olunmuş qiymətləri arasında korelyativ asılılıq qurularaq korrelyasiya əmsalı tapılmışdır. Belə ki, yem bitkiləri üçün 0,88-ə, taxıl (payızlıq buğda) üçün 0,91-ə, çoxillik əkmələr (alma) üçün 0,89-a, tərəvəz (pomidor) bitkisi üçün 0,93-ə bərabər olmuşdur.

İcraçılar: Torpaqşünaslıq kafedrası, akademik Q.Ş.Məmmədov, k.t.e.n. C.Ə.Şabanov, b.e.n. V.X.İbrahimova, b.e.n. G.M.Abdullayeva

2. Böyük Qafqazın bəzi bölgələrinin torpaq örtüyünün və landşaftların müasir vəziyyəti öyrənilmiş, torpaqların və landşaft komplekslərinin qiymətləndirilməsi aparılmışdır (arid meşələrin landşaft kompleksləri – 85 bal, dağətəyi və alçaq dağlığın quru bozqır kolluqlar landşaftı – 70 bal, tuqay meşələr landşaft kompleksi – 66 bal almışdır), nəticədə torpaqların ekoloji qiymətləndirmə xəritəsi tərtib edilmişdir. Tədqiq edilən ərazinin torpaq örtüyünün bərpası və mühafizəsi üçün tövsiyələr verilmişdir.

İcraçılar: Torpaqşünaslıq kafedrası, akademik Q.ª.Məmmədov,  k.t.e.n. Z.R.Mustafayeva, b.e.n. R.A.Həsənova, b.e.n. T.A.Xolina


Humanitar və ictimai  elmlər  sahəsində

1. Problem: “Baburnamə” əsərinin Azərbaycan dilinə tərcüməsi, Bakı, BXQR, 2011, 432 səh.

Ümumtürk və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur şair, nasir, ədəbiyyatşünas, Hindistanda 1526-cı ildən 1858-ci ilə qədər hökm sürmüş Baburilər sülaləsinin banisi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) “Baburnamə” əsəri (Bakı, BXQR, 2011, 432 s. + 32 s. rəngli illüstrasiya) ana dilimizdə çapdan buraxılmışdır. “Baburnamə” türk-islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsərdir. Kitabın tərcüməçisi Özbəkistan Respublikasının Babur adına Beynəlxalq mükafatina layiq görülmüşdür (2011).

İcraçı: Mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-i, f.e.d. Ramiz Əskər (tərcüməçi)

2. Problem: Folklorda fasiləsiz transfer və yuxu paradiqmaları, Bakı, “Elm və təhsil” n., 2011, 336 səh.

Təqdim edilən əsərdə folklorun başlanğıc mərhələsi üçün ənənəvi olan fasiləsiz transfer universal nəzəriyyəsi irəli sürülür. Nəzəriyyəyə görə dünya xalqlarının ilkin folklor yaradıcılığı insanın instinkt düşüncədən şüurlu fəaliyyətə keçid mərhələsində psixoloji dərketmə ilə bağlı yaranmış və fasiləsiz transfer yolu ilə yaddaşa ötürülmüşdür. Burada Z.Freydin psixoanaliz təlimindən çıxış etməklə fasiləsiz transferin yaranma yolları, fəaliyyət funksiyaları, riyazi modeli müəyyənləşdirilir və həmin mərhələdə üzə çıxan ilkin paradiqmaların sırası açıqlanır. Nəzəriyyədə həmin folklor nümunələrinin kollektiv icraya qatılmadan janr sisteminə müstəqil fərdi yaradıcılıq vahidləri kimi daxil olması əsaslandırılır.

İcraçı: Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası, AMEA-nın müxbir üzvü A.M.Nəbiyev

3.Problem: Kollektiv əmək mübahisələrinin anlayışı
Tədqiqatda Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə qanunvericilikdə olan doldurmaq üçünboşluğu  Əmək Məcəlləsinin3-cü maddəsinə «Əmək mübahisəsi - əmək qanunvericiliyinin tətbiqi məsələləri üzrə və yaxud yeni əmək şəraitinin müəyyən olunması haqqında əmək hüququnun subyektlərinin arasında yaranan və həll edilməsi üçün yurisdiksiya orqanına daxil olmuş fikir ayrılığıdır» bəndin daxil edilməsi təklif edilmişdir. Elmi işdə, eləcə də Azərbaycan Respublikası üçün səviyyəli olan əmək mübahisələrinin  yaranma  səbəbləri, kollektiv əmək mübahisəsinin tərifi problemi və.s.məsələlər araşdırılmışdır.

İcraçı: Əmək və ekologiya hüququ kafedrası, prof.A.M.Qas
4. Problem: İqtisadi diplomatiya milli mənafelərin reallaşma aləti kimi

Elmi işdə iqtisadi diplomatiyanın milli mənafelərin ifadə edilməsini əks etdirən  amillərə və onların səmərəli reallaşma mexanizmlərinə dair mühüm nəticələr əldə edilmişdir. Bununla əlaqədar milli makroiqtisadi  artımın  optimal təminatına aid orjinal mülahizələr irəli sürülür və müvafiq qrafik təklif edilir. İşdə Azərbaycanda uğurlu iqtisadi  inkişaf prosesi müqayisəli nəzəri ümumiləşdirmələrin əsası kimi  götürülür.

İcraçılar:İqtisadiyyat və idarəetmə kafedrası, prof.A.M.Məhərrəmov və Dünya iqtisadiyyatı kafedrası, i.e.d. H.B.Rüstəmbəyov

5. Problem: Şəxsiyyətin inkişafında etnomədəni amillərin rolu (Şəxsiyyətyönümlü təhsil modelində etnomədəni amillərin nəzərə alınmasının psixoloji məsələləri)

Psixoloji metodikalar (SAT, Təhsil moitivlərinin öyrənilməsi testi, özünüqiymətləndirmə metodikası) vasitəsilə tələbələrdə aparılımış tədqiqat göstərdi ki, tələbələrin  özünü­gerçək­ləş­dirməsi üçün zəruri olan kreativ keyfiy­yətlərin yüksək olmasına bax­ma­yaraq özünügerçəkləşdirməyə olan təlabat və ya cəhd aşağı səviyyədədir. Bu müddəa özünügerçəkləşdirmə haqqında ənənəvi paradiqmaya yeni postmodernist yanaşma tələb edir. Ənənəvi para­diq­maya görə şəxsiyyətin kreativ keyfiyyətləri onun özünü­gerçək­ləş­dir­məsinin vacib şərtidir. Ancaq aparılan tədqiqat kreativ keyfiyyətlərin mövcudluğu şəraitində özünügerçəkləşdirmənin səviy­yələri­nin yüksəlməsinə imkan verdiyini müəyyənləçdirmişdir.

Eləcə də kreativ keyfiyyətlərin, yaradıcı təhsil mühitinin olması təli­m­də mənimsəmənin keyfiyyətinin yüksəl­dil­mə­sinə bir o qədər təsir göstərmədiyini, tələbələrdə özünügerçəkləşdirmə motivi olmadığı təqdirdə təlimdə mənimsəmə mexaniki biliklərin qavranılması səviyyəsində qalığını aşkarlamıçdır.

İcraçılar:  Eksperimental psixologiya ETL, AMEA-nın müxbir üzvü, prof.B.H.Əliyev, psixologiya üzrə fəlsəfə doktoru, R.V.Cabbarov, psixologiya üzrə fəlsəfə doktoru, M.H.Mustafayev .

6. Problem:. Təbii – elmi idrak və insan dünyası, Bakı, “Təknur” nəş., 2011, 29 ç.v.

Monoqrafiyada insan problemi sinkretik halda tədqiq olunur. Bioloji, sosial, psixi, kosmik aspektləri vəhdətdə götürülən insanın maddi və mənəvi dünyası müasir təbiətşünaslığın, antropologiyanın, fəlsəfənin, təbabətin, psixoanalizin ən yeni nailiyyətləri kontekstində elmi təhlilə cəlb edilir. Tədqiqat prosesində yeni və maraqlı nəticələr alınmışdır.

İcraçılar: Fəlsəfə kafedrası, f.e.d., prof.Ə.B.Məmmədov, f.e.d., prof. A.X.Mustafayev

7. Problem: XX əsr Qərb fəlsəfəsinin fundamental problemi-ağlasığanlıq və ağlasığmazlıq, Bakı, “Oğuz eli”, 2011, V cilddə.

Tədqiqatda Yeni dövr Qərb fəlsəfəsinin inkişaf tendensiyasının məntiqini araşdırmaqdan ibarətdir. Tədqiqat prosesində müəyyən olunmuşdur ki, xüsusilə XX əsr Qərb fəlsəfəsinin fundamental problemi – ağlasığanlıq və ağlasığmazlıq, mənalılıq və mənasızlıqdır; söhbət bu barədə gedir ki, insan nə barədə düşünə bilər, nə barədə düşünə bilməz, insan mənalı nə danışa bilər, nəyin  mənasız olduğunu dərk edib susmalıdır. Bu problem tədqiq olunan bütün sistemlərin ümumi problemidir. Ümumi nəticə ondan ibarətdir ki, problemin həlli Qərbin intellektuallarını çətin vəziyyətə salmışdır. Müəllif sübut etməyə çalışır ki, bu problemin həlli yolları yalnız fəlsəfəyə  appellyasiya etmək vasitəsilə həll edilə bilməz. Burada fəlsəfənin elmlərlə birgə fəaliyyəti lazımdır. Kitablar içərisində «Klassik psixoanolizm əsasları» tamamilə yeni və orijinaldır. Kitabda meta fəlsəfə haqqındakı tədqiqatlar da orijinallığı ilə seçilir.

İcraçı: Fəlsəfə kafedrası, prof.F.Q.İsmayılov

8. Problem: Yunus Emre divanının linqvistik xüsusiyyətləri, Bakı, “Elm və təhsil” n., 2011, 144 səh.

İlk dəfə olaraq türk dünyasının nəhəng simalarından olan Yunus Emre (XIII əsr) şeirlərinin ümumi linqvistik mənzərəsi araşdırılır, onun “Divan”ında alınma və arxaik sözlərin linqvistik xüsusiyyətləri hərtərəfli tədqiq edilir.

İcraçı:Türk filologiyası kafedrası, f.e.n. A.F.İbrahimova

 

 

 

Bookmark and Share