BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub, “Ən yaxşı informativ stendə görə” sertifikatı ilə təltif edilib
11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunub.
Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.
Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını nazirin diqqətinə çatdırıb.
Ziyarətçilər burada Bakı Dövlət Universitetinin bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olublar.
Sərginin sonunda Bakı Dövlət Universiteti “Ən yaxşı informativ stendə görə” sertifikatı ilə təltif edilib.
![]() |
![]() |
