ƏSASNAMƏ
BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ TƏDQİQAT HİSSƏSİNİN
ƏSASNAMƏSİ
ÜMUMİ MÜDDƏALAR
Universitetin elmi fəaliyyəti elmin hərtərəfli inkişaf etdirilməsinə, universitet təhsili ilə fundamental elmin inteqrasiyasına, intellektual mühitin qorunub saxlanması və elmdə nəsillərin varisliyinin təmin edilməsinin təməli qismində Bakı Dövlət Universitetinin elmi məktəblərinin yaradılması və dəstəklənməsinə yönəldilmişdir.
Universitetin elmi fəaliyyəti fundamental təbiət və humanitar biliklərin bütün əsas istiqamətləri, o cümlədən aşağıdakı sahələr üzrə həyata keçirilir: fizika-riyaziyyat, kimya, biologiya, geologiya-mineralogiya, coğrafiya, tarix, fəlsəfi elmlər, filologiya, hüquq, pedaqoqika, psixologiya, sosial elmlər.
Universitetdə elmi fəaliyyət elmi-pedaqoji və digər əməkdaşlar, tələbələr, aspirantlar, doktorantlar və təhsil alanların digər kateqoriyaları tərəfindən Azəbaycan Respublikasının (AR) təhsil və elm sahəsində qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.
Universitetin elmi fəaliyyətinin maliyyələşdirilməsi fundamental və tətbiqi araşdırmalar aparılması üçün dövlət büdcəsindən ayrılan vəsait, o cümlədən təsisçinin tapşırığı ilə yerinə yetirilən elmi-tədqiqat işlərinin tematik planı və müxtəlif səviyyəli büdcələr çərçivəsində, həmçinin Universitetə müxtəlif mənbələrdən daxil olan büdcədənxaric vəsait hesabına həyata keçirilir.
Elmi və ya elmi-texniki fəaliyyət elmi-pedaqoji əməkdaşlara, yaxud Universitetə müəyyən olunmuş qaydada təqdim edilən qrantlar hesabına həyata keçirilə bilər. Qrant alanlar onlar üzərində Azəbaycan Respublikasının qanunvericiliyinə müvafiq, qrantlardan xarici ölkədə istifadə etdikdə isə həmin dövlətin qanunvericiliyinə uyğun olaraq və qrantları təqdim edən hüquqi, yaxud fiziki şəxsin müəyyənləşdirdiyi qaydada cavab verirlər.
Universitet dövlət, regional və beynəlxalq layihə və proqramlarda iştirak edir, yaradıcı kollektivlərin respublika və beynəlxalq qrant müsabiqələrində iştirakını dəstəkləyir, istedadlı gənc alimlərə əlavə yardım proqramını gerçəkləşdirir.
Universitet, sifarişçilər, elmi və ya elmi-texniki məhsulların digər istehlakçıları arasında elmi fəaliyyət sahəsində hüquqi münasibətlərin tənzimlənməsinin əsas forması elmi və ya təcribi-konstruktor işlərinin yerinə yetirilməsi, elmi və ya elmi-texniki məhsul hazırlanması, ötürülməsi və istifadə olunması, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi barədə müqavilələr (kontraktlar, razılaşmalar), həmçinin digər müqavilələr, o cümlədən birgə elmi və ya elmi-texniki fəaliyyət haqqında müqavilələrdir.
Elmi və ya elmi-texniki nəticələrə sahiblik, onlardan istifadə və onlara sərəncam vermə şərtləri AR qanunvericiliyi, həmçinin elmi və ya elmi-texniki fəaliyyət subyektlərilə elmi və ya elmi-texniki məhsulun istehlakçıları arasında ona zidd olmayan müqavilələrlə (kontraktlar, razılaşmalar) müəyyənləşdirilir.
1957-ci ildə keçmiş SSRİ-nin Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə Azərbaycan Dövlət Universitetinin (indi-Bakı Dövlət Universiteti) nəzdində Elmi-tədqiqat bölməsi yaradılmışdır. 13 mart 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sərəncamı və SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universiteti SSRİ-nin aparıcı ali məktəblərinin sırasına daxil edilmişdir və 1987-ci ilin sentyabr ayında Universitetin nəzdində Elmi-tədqiqat bölməsinin bazasında Elmi-tədqiqat hissəsi (ETH) yaradılmışdır.
ELMİ-TƏDQİQAT HİSSƏSİNİN ƏSAS FUNKSİYALARI
Universitetin 16 fakültəsinin 124 kafedralarında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat laboratoriyasında aparılan fundamental və tətbiqi elmi-tədqiqatların vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir.
Universitetdə yerinə yetirilmiş elmi-tədqiqat işlərini təhlil edir, elmi potensialın statistikasını aparır, illik və üç il ərzində görülmüş elmi işlərin nəticələrinə dair hesabat tərtib edir, AR Təhsil Nazirliyinə təqdim edir və elektron kommunikasiya vasitəsi ilə geniş təbliğ edir.
Universitetdə təbiət və humanitar elmlər üzrə alınmış ən mühüm elmi nəticələri Respublikanın Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi üçün hazırlayır və tətbiq olunmaq üçün təkliflərlə çıxış edir.
Universitetdə yerinə yetirilmiş elmi işlərin yeni inkişaf istiqamətlərini, o cümlədən Respublikamızda hüquqi, demokratik və sivil dövlət quruculuğuna, bazar iqtisadiyyatına, ölkəmizdə aparılan islahatlara, təhsildə islahatlara, informasiya texnologiyalarına və tariximizə həsr olunmuş elmi işləri müəyyənləşdirir və illik hesabata daxil edir.
Respublika Milli Elmlər Akademiyası, sahə institutları, xarici ölkələrin elmi idarələri, elm-istehsalat birlikləri ilə əlaqələrin genişləndirilməsi və Universitetlə birgə müəssisələrin yaradılması təşəbbüsünü rektorluq qarşısında irəli sürür.
Universitetdə Dövlət büdcəsindən maliyyələşdirilən fundamental və tətbiqi elmi-tədqiqat işlərini Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat mərkəzi üçün hazırlayır, təqdim edir və qeydiyyatını aparır, dünyəvi əhəmiyyət kəsb edən elmi-tədqiqat mövzularının informasiya təminatını təşkil edir, soraq-informasiya sistemləri yaradır, informasiya işinə dair biblioqrafik və faktoqrafik arayışlar verir, universitetdə aparılan elmi-tədqiqat işlərinin referativ məlumat bazasını yaradır.
Universitetdə aparılan elmi-tədqiqat işlərinin patent qabiliyyətini aşkarlayır, ixtiralar üzrə iddia sənədlərini hazırlayır, ibtidai ekspertizasını təşkil edir və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim edir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin elmi-metodiki rəhbərliyi altında Universitetdə ölçü vasitələrinin dəqiqliyinə, keyfiyyətli saxlanmasına nəzarət edir, institut, mərkəz və elmi-tədqiqat laboratoriyalarının konkret tələbatına uyğun olaraq, yeni ölçü vasitələrilə təminatını təşkil edir, mənəvi və fiziki cəhətdən köhnəlmiş qurğu və avadanlıqların istifadədən çıxarılması üçün baxış keçirir, rəsmi sənədlər hazırlayır və rəhbərliyə təqdim edir, mövcud ölçü vasitələrinin dövlət nəzarətindən keçirilməsini təşkil edir.
ETH-nin STRUKTURU
Elmi-tədqiqat hissəsinin tərkibinə aşağıdakı qruplar daxildir:
1. MÜHASİBAT UÇOTU VƏ MALİYYƏ NƏZARƏTİ QRUPU
2. DƏFTƏRXANA VƏ KADRLAR QRUPU
3. ELMİ TƏDQİQAT İŞLƏRİNİN TƏŞKİLİ QRUPU
4. ELMİ-TEXNİKİ İNFORMASİYA QRUPU
5. PATENT VƏ LİSENZİYA İŞLƏRİNİN TƏŞKİLİ QRUPU
6. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN METROLOJİ TƏMİNATI QRUPU
ELMİ-TƏDQİQAT İŞLƏRİNİN TƏŞKİLİ QRUPU
BDU-nun professor-müəllim heyəti və elmi işçiləri tərəfindən həyata keçirilən elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi, daha da inkişaf etdirilməsi məqsədilə ETH-nin tərkibinə Elmi-tədqiqat işlərin təşkili qrupu (ETİTQ) yardımçı xidmət kimi yaradılmışdır.
ETİTQ öz fəaliyyətində AR Nazirlər Kabinetinin müvafiq qətnamələrini, AR Təhsil Nazirliyinin əmr, sərəncam və təlimatlarını rəhbər tutur.
Elmi-tədqiqat işlərinin təşkilinə dair bütün məsələlər üzrə qrup ETH-nin digər bölmələri, universitetin dekanlıqları, kafedraları, elmi qurumları və şöbələrilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
ETİTQ-nin əsas vəzifələri aşağıdakılardır:
• Hesabat ilində fakültə və kafedraların, elmi-tədqiqat institutların, mərkəzlərin və elmi-tədqiqat laboratoriyaların dövlət büdcəsindən maliyyələşdirilən mövzuların və təsərrüfat hesablı elmi-tədqiqat işlərinin illik və 3 illik planını toplanması və plan üzrə icrasına nəzarət;
• Hesabat ilində fakültə və kafedraların, elmi-tədqiqat institutların, mərkəzlərin və elmi-tədqiqat laboratoriyaların dövlət büdcəsindən maliyyəşləşdirilən mövzuların və təsərrüfat müqavilələli üzrə mövzuların yerinə yetirilməsi haqqında məlumatın toplanması;
• Professor-müəllim və elmi işçilərin, o cümlədən elmlər doktorları və elmlər namizədləri, həmçinin aspirant və dissertantlar, aparılmış elmi-tədqiqat işlərinin həcmi, dissertasiya şuralarında müdafiə olunmuş doktorluq və namizədlik dissertasiyalar, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə və tezislər, xarici mətbuatda dərc olunmuş əsərlər haqqında statistik məlumatın hazırlanması;
• Elm sahələri və ixtisaslar üzrə aspirantura, dissertantura və doktoranturaya qəbul və buraxılış, aspirantura xətti ilə elmi və elmi-pedaqoji kadrların hazırlnmasının elm sahələri və ixtisaslar üzrə təhlili;
• Xalq təsərrüfatı əhəmiyyətinə malik olan, elm, təhsil və mədəniyyət sahələrində tətbiq olunmuş elmi işlər və onların səmərəliliyi haqqında qısa məlumatın hazırlanması;
• Elmi-texniki əməkdaşlıq sahəsində universitetin əlaqə saxladığı xarici dövlətlərin universitetləri, elm və istehsal müəssisələri, birgə işlənən elmi problemlər və alınmış nəticələr, təcrübə mübadiləsi sahəsində görülən işlər, beynəlxalq konfranslarda, konqreslərdə, simpoziumlarda iştirak, beynəlxalq proqramlar üzrə material və təkliflərin toplanması;
• Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat mərkəzinə təqdim olunan formalar üzrə zəruri hesabatların tərtibi;
• AR Təhsil Nazirliyi, respublikanın müxtəlif idarə və ali təhsil müəssisələrilə yazışma;
• Elmi işçilərin yenidən seçilməsi üzərində mütəmadi nəzarəti həyata keçirir və müvafiq qrafik tərtib edərək, onu qurum rəhbərlərinin diqqətinə çatdırır, müəyyənləşdirilmiş sənədlərin toplanmasını təşkil edir və müvafiq fakültənin elmi şurasının qərarı əsasında yenidən seçilməyə bu¬raxılma barədə və elmi işçilərin yeni müddətə seçilməsi haqqında əmrlərin layihəsini hazırlayır;
• Elmi qurumların əməkdaşlarının müəyyən olunmuş qaydaya müvafiq yenidən attestasiyasının təşkili;
• Müxtəlif elmi qurumların əməkdaşlarının vaxtında yenidən seçilməsinə nəzarət, yeni açılan elmi vəzifələrə müsabiqələrin elan edilməsi;
• Tələbələrin elmi-tədqiqat işlərinə cədb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət. Qrupun aşağıdakı hüquqları vardır:
• Fakültələr, kafedralar və elmi qurumlardan elmi planların, hesabatların tərtib olunması, yenidən attestasiyadan keçmək və təkar seçilmək, ezamiyyətlərə və elmi ekspedisiyalara göndərilmək üçün zəruri olan bütün materialları və məlumatları tələb etmək;
• Elmi-tədqiqat işləri planlarının icrasının gedişinə və kafedraların əməkdaşlarının plan üzrə elmi-tədqiqat işində iştirak dərəcəsinə nəzarət etmək;
• Konfranslar, olimpiadalar və digər tədbirlərin (respublika, beynəlxalq və ali təhsil müəssisəsi miqyaslı, ali təhsil müəssisəsi daxilində fakültələr arasında) keçirilməsində iştirak etmək.
TƏSƏRRÜFAT HESABLI İŞLƏRİN TƏŞKİLİ
Kafedralar, elmi-tədqiqat institutlar, mərkəzlər və elmi-tədqiqat laboratoriyalar tərəfindən yerinə yetirilən təsərrüfat hesablı işləri Elmi-tədqiqat hissəsi həyata keçirir.
Elmi-tədqiqat hissəsinin rəhbəri aşağıdakıları təmin edir:
• ali təhsil müəssisəsinin təsərrüfat hesablı işlər planının layihəsinin işlənməsini;
• hissə üçün təsdiq olunan limitlər və ştatların bölüşdürülməsi haqqında təklifləri;
• təsərrüfat hesablı işlərin müəyyən edilmiş müddət ərzində yüksək elmi-texniki səviyyədə icrasının təşkilini;
• yerinə yetirilən işlərin dövlət qeydiyyatını, başa çatdırılmış işlər üzrə hesabatların tərtibatını, ali təhsil müəssisəsinin elmi-tədqiqat işləri barədə ümumiləşdirilmiş hesabatın tərtib edilməsini;
• ali təhsil müəssisəsinin elmi-texniki işləmələrindən istifadənin təşkilini;
• sifarişçi ilə müqavilə layihələrinin hazırlanması;
• təsərrüfat hesablı işlərin icraçılarının işinə nəzarəti (ali təhsil müəssisəsinin kafedra və fakültə rəhbərlərilə birlikdə) və onların yerinə yetirdikləri işlərin qəbulunu;
• ali təhsil müəssisəsinin təsərrüfat hesablı işlərinin və onlar üzrə hesabatların təşkililə bağlı tədbirlərin həyata keçirilməsini.
Müqavilə (mövzu) üzrə işlərin təşkili, bir qayda olaraq, kafedraların professor və dosentləri, institut və laboratoriyaların elmi işçiləri sırasından olan rəhbərinə həvalə edilir. Rəhbərin elmi ixtisaslaşması və elmi-təşkilati iş təcrübəsi nəzərə alınaraq, ayrı-ayrı hallarda, onun bir neçə təsərrüfat hesablı işə rəhbərlik etməsi mümkündür. Ali təhsil müəssisəsinin tabeliyində olduğu nazirliyinin (idarənin) icazəsilə, mövzulara elmi-tədqiqat hissəsinin ştatında olan, elmi dərəcə və ya elmi ada malik əməkdaşlarının rəhbərlik etməsinə yol verilir. Bir qayda olaraq, göstərilən şəxslər bir təsərrüfat hesablı işdə rəhbər ola bilərlər.
Kompleks mövzuda işlərin ayrı-ayrı müstəqil bölmələri (mərhələləri) üzrə rəhbərlər təyin edilə bilər.
Mövzu rəhbəri işlərin yüksək elmi-texniki səviyyədə və müəyyən edilmiş müddətlərdə icrası üçün fərdi məsuliyyət daşıyır.
ELMİ İNFORMASİYA QRUPU
1. Ümumi müddəalar:
ETH tərkibində olan Elmi informasiya qrupu (ETİ) ali təhsil müəsisəsinin işinin səmərəliliyi və keyfiyyətinin artırılması, yüksək ixtisaslı mütəxəssislər hazırlanmasına yardımçı olmaq, universitetin elmi-pedaqoji kadrlarının ixtisasının yüksəldilməsi məqsədilə yaradılmışdır.
Öz fəaliyyətində Elmi informasiya qrupu ali məktəbdə elmi-tədqiqat işlərinin təşkili üçün müəyyənləşdirilən müvafiq normativ sənədləri və bu Əsasnaməni əldə rəhbər tutur.
Elmi informasiya qrupu öz işini BDU-nun çap olunmamış materialları da ehtiva edən soraq-informasiya fondu əsasında, ETH-nin digər struktur bölmələri, dekanlar, universitetin kafedraları, elmi-tədqiqat institutları və elmi-tədqiqat laboratoriyaları və şöbələrilə qarşılıqlı əlaqədə təşkil edir.
Elmi informasiya və təbliğat məsələlərinə dair məsələlər üzrə qrup tərəfindən fakültələrin dekanlıqları, kafedralar, elmi bölmələr və universitetin ictimai təşkilatları ilə təmasda iş aparılır.
Elmi informasiya qrupu öz işini ali məktəb problemləri elmi-tədqiqat institutunun, respublika və xarici ölkə informasiya orqanlarının informasiya materiallarından istifadə etməklə təşkil edir.
2. ETİ qrupunun vəzifələri:
BDU-da aparılan elmi-tədqiqat işləri üzrə respublika elminin inkişafına lazım olan elmin aparıcı istiqamətləri və problemlərini, elmi potensialı və digər iqtisadi göstəriciləri müəyyənləşdirirək müvafiq formalar üzrə Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat mərkəzinə göndərir.
Ali məktəbin soraq-informasiya fondunun səmərəli komplektləşdirilməsi və tamamlanması məqsədilə professor-müəllim heyəti, aspirantlar və informasiya tələbatlarının öyrənilməsi;
Ali məktəbin professor-müəllim və mühəndis-texniki heyətinin, aspirant və tələbələrinin ölkədəki və xaricdəki elmi və texniki nailiyyətlər, təlim prosesinin təşkilinin qabaqcıl təcrübəsi, tələbə gənclərin tərbiyəsi, ali məktəblərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri barədə məlumatla operativ təmin edilməsi;
Öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsi üçün Elmi informasiya qrupu:
• Bakı Dövlət Universitetinin profili üzrə informasiya materiallarının sistematik axtarışını təşkil edir, onların təhlil və ümumiləşdirilməsini həyata keçirir (mövzu rəhbərləri və kuratorların köməyilə);
• Kafedralar və elmi qurumlar üzrə qısa üçillik hesabat tərtib edir;
• Ali təhsil müəssisələrini və digər təşkilatları ali təhsil müəssisəsində yerinə yetirilən işlər üzrə informasiya materialları ilə təmin edir;
• Mütəmadi olaraq universitetdaxili qəzetdə BDU alimlərinin ən önəmli elmi nəticələri barədə məlumatla çıxış edir;
• Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat Mərkəzi üçün elmi informasiyanın hazırlanmasına nəzarəti həyata keçirir və onun çatdırılmasını təşkil edir (elmi-tədqiqat işlərinin qeydiyyat kartları, informasiya kartları və başa çatmış işlər üzrə onlara əlavə hesabatlar);
• Fakültələr, kafedralar və ali təhsil müəssisəsinin elmi qurumlarının ictimai kuratorlarının işini əlaqələndirir;
• Tədris və elmi-tədqiqat işinin təşkili təcrübəsi ilə mübadilə üzrə universitetin həyata keçirdiyi tədbirlərdə iştirak edir, ali təhsil müəssisələrinin qurumlarına təcrübə mübadiləsi qaydasında istədikləri zəruri informasiya materiallarının əldə olunmasında yardım göstərir;
• Elmi informasiya qrupunun rəhbəri qrupun daxil olduğu ETH rəisinin təqdimatı ilə təyin olunur (qrupun böyük elmi işçilərindən biri) və Elmi informasiya qrupunun öhdəsinə düşən vəzifələrin icrası üçün məsuliyyət daşıyır;
• Ali təhsil müəssisəsində elmi informasiya üzrə bütün işlər Elmi informasiya qrupu tərəifindən işlənib hazırlanan və ETH rəisinin təqdimatı əsasında ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunan vahid plan üzrə həyata keçirilir.
Elmi informasiya qrupu aşağıdakı hüquqlara malikdir:
• Ali təhsil müəssisəsi rəhbərliyilə razılaşdıraraq, Elmi informasiya qrupunda işləmək üçün ali təhsil müəssisəsinin professor-müəllim heyəti və elmi işçilərini tədrisdənkənar yük hesabına ekspertlər və məsləhətçilər qismində cəlb etmək;
• Ali təhsil müəssisəsi rəhbərliyinin tapşırığı ilə dövlət idarə və təşkilatlarında elmi informasiya məsələləri üzrə təmsilçilik etmək;
• Elmi informasiya qrupunun funksiyalarına müvafiq olaraq, müəyyənləşdirilmiş qaydada yazışma aparmaq və digər ali təhsil müəssisələri, idarə, təşkilatların informasiya işi ilə tanış olmaq.
PATENT-LİSENZİYA İŞLƏRİNİN TƏŞKİLİ
1. Ümumi qaydalar:
1.1. Patent-lisenziya işlərinin təşkili qrupu BDU-nun bir bölməsi olub, Elmi-tədqiqat hissəsinin rəisinə tabedir;
1.2. Qrupun işçilərinin əmək haqqı və digər təsərrüfat xərcləri BDU üçün ayrılmış dövlət büdcəsindən maliyyələşdirilir;
1.3. Qrupun rəhbəri BDU-nun elmi işlər üzrə prorektorunun təqdimatı ilə rektor tərəfindən işə qəbul edilir və işdən azad edilir;
1.4. Qrupun ştat vahidləri mövcud normativ sənədlərə əsasən və müəyyən cari dövrdə qarşıya çıxan yeni vəzifələrlə əlaqədar olaraq qrupp rəhbəri tərəfindən əsaslandırılır və elmi işlər üzrə prorektora təqdim edilir;
1.5. Qrupun hər hansı işçisi öz vəzifə borcunu müəyyən müddətdə yerinə yetirmədikdə qrupp rəhbərinin yazılı təqdimatı ilə elmi işlər üzrə prorektor tərəfindən tənbeh olunur və ciddi əmək pozuntuları xroniki hal aldıqda işdən azad edilir;
1.6. Qrup patentşünaslıq və informasiya işi sahəsində ixtisas təhsili almış, lakin zəruri hallarda bu sahədə müəyyən qədər iş təcrübəsi olan ali təhsilli mütəxəssislər və vacib texniki işçilərlə komplektləşdirilir;
1.7. Qrup Azərbaycan Respublikasının Milli Məclisinin əlaqədar qanunlarını, Nazirlər Kabinetinin qərar və göstərişlərini, standartlar, ixtiralar, sənaye nümunələri, əmtəə nişanları, faydalı modellər və sertifikatlar haqqında Standart, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmi əsasnamələrini və normativ sənədlərini, Təhsil Nazirliyinin və BDU rəhbərliyinin qrupun konkret işi ilə bağlı olan əmr və sərəncamlarını öz fəaliyyətində əsas tutur.
1.8. BDU-da patent-lisenziya işləri, həmkarlar komitəsinin və əlaqədar ictimai təşkilatların geniş iştirakı ilə aparılır;
2. Qrupun vəzifələri:
Qrupun əsas vəzifələri aşağıdakılardır:
2.1. Universitetdə texnoloji proseslərin, məmulat, maşın, alət və qurğuların yaradılmasına doğru yönəlmiş elmi-tədqiqat işlərinin və işləmələrin patent saflığının, qabiliyyətinin və rəqabətaparma səviyyəsinin təmin edilməsi məqsədilə bütün mərhələlərdə patent tədqiqatının aparılmasına elmi-metodiki rəhbərlik, bu prosesin planlaşdırılması və elmi-tədqiqat mərhələsində bilavasitə icrası;
2.2. İxtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını işləmək, onların maliyyələşdirilməsi üçün təkliflər hazırlamaq;
2.3. Universitetdə kütləvi ixtiraçılıq və səmərələşdirmə işlərini təşkil etmək;
2.4. Respublikada və xarici ölkələrdə ixtira səviyyəsində olan elmi-tədqiqatların qorunması işlərini təşkil etmək, iddia sənədlərinin ekspertizasını keçirmək, baxılmağa və dövlət qeydiyyatına təqdim etmək;
2.5. İxtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında ixtiraçılara və tətqiqatçılara kömək göstərmək;
2.6. İxtiraların və nou-xau-nun istehsalata tətbiqinə dair elmi-metodiki və təşkilatı tədbirlər görmək;
2.7. İxtiraların, sənaye nümunələrinin, faydalı modellərin və digər elmi-texniki nəticələrin lisenziya satışını təşkil etmək, bu istiqamətdə hüquqi-texniki sənədlər hazırlamaq və ödənclərin vaxtında verilməsinə nəzarət etmək;
2.8. İxtiraçılara, həmçinin ixtiraçılıq işlərinə yaradıcı köməyi olmuş fiziki şəxslərə qanunla müəyyən edilmiş qaydada ödənclərin verilməsi barədə təqdimatlar hazırlamaq və universitet rəhbərliyinə təqdim etmək;
2.9. Elmi-tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiyalar hazırlamaq və yaymaq, bu istiqamətdə müsabiqələr, baxışlar təşkil etmək və kütləvi tədbirlər (seminarlar, informasiya günləri, mütəxəssis günləri və s.) keçirmək;
2.10. Elmi-tədqiqat işlərinin texniki-iqtisadi əsaslandırılması, səmərəliliyinin hesablanması işlərinə elmi-metodiki köməklik göstərmək, bu barədə rəsmi əsasnamələrlə və metodiki materiallarla əlaqədar bölmələri təmin etmək;
2.11. Vacib tədris, elmi-texniki və xalq təsərrüfatı tələblərinə cavab verən elmi-tədqiqat işlərinin və işləmələrin tədris işində və istehsalatda istifadəsinə dair təkliflər hazırlamaq və reklamlaşdırmaq;
2.12. Universitetin İnformasiya Mərkəzi ilə birlikdə elmi-tədqiqat prosesinin bütün mərhələlərini patentlər baxımından elmi-metodiki cəhətdən kompleks əhatə edən dolğun məlumat bazası yaratmaq və onun informasiya təminatını işləyib hazırlamaq;
2.13. Patentlərin tətbiqi, patent-lisenziya satışı sahəsində rüsumların ödənilməsində qanun pozuntularını aradan qaldırmaq, bu barədə Agentliyin appelyasiya komissiyasına hüquqi-texniki materiallar hazırlamaq və təqdim etmək;
2.14. Beynəlxalq iddia sənədlərinin proseduralarına dair sənədlər sistemini hazırlamaq və universitet ixtiraçılarını məlumatlandırmaq;
2.15. Qrupun idarə edilməsi üçün bütün nümunəvi uçot və hesabat formalarını hazırlamaq və işdə tətbiq etmək.
3. Qrupun funksiyaları:
Yuxarıda göstərilən vəzifələrlə əlaqədar olaraq qrup aşağıdakı funksiyaları yerinə yetirir:
3.1. Elmi-tədqiqat bölmələri rəhbərlərinin iştirakı ilə planlaşdırılan elmi-tədqiqat işlərinin patent qabiliyyətini müəyyən edir və onun patent tədqiqatını aparır;
3.2. İşləmə ilə məşğul olan mütəxəssislərlə birlikdə texniki həllin patent qabiliyyətini, yeniliyini və səmərəliliyini aşkara çıxarır;
3.3. Müəlliflərlə birlikdə ixtira və digər növ patent sənədlərinin sifariş materiallarını hazırlayır, onların ekspertiza işlərini nəzarətdə saxlayır, uçot və hesabatını aparır;
3.4. Patent tədqiqatlarının hesabatları əsasında işləmələrin və elmi-tədqiqatların patent qabiliyyətini və texniki səviyyəsini təyin edir, yerinə yetirilmiş işlərin elmi qiymətləndirilməsində və müəlliflərin mükafatlandırılmasında iştirak edir;
3.5. Universitetin ixtirakçıları və işləmə ilə məşğul olan mütəxəssisləri ilə birlikdə agentliyin və digər əlaqədar təşkilatların ixtiraları istifadə etmək barədə təkliflərini hüquqi-texniki cəhətdən əsaslandırır, onların istifadəsinə dair lisenziya müqaviləsi tərtib edir, lisenziya öhdəliklərinin yerinə yetirilməsi üçün lisenziyaları müntəzəm olaraq nəzarətdə saxlayır;
3.6. Elmi-tədqiqatların və işləmələrin patent-informasiya təminatını təşkil edir, bu istiqamətdə Agentliyin və əlaqədar respublika informasiya mərkəzlərinin xidmətlərindən istifadə edir;
3.7. Universitet Elmi Şurasında patent qabiliyyəti olan elmi-tədqiqat işlərinin və işləmələrin planlaşdırılması və mərhələrlə icrası məsələlərinə baxılarkən həmin şuranın işində iştirak edir;
3.8. İxtiraların, elmi-tədqiqat işlərinin iqtisadi faydasının hesablanması işində iştirak edir, ixtiraçılara və ixtira işinə yaradıcı kömək göstərmiş şəxslərə ödənclərin verilməsinə dair materiallar hazırlayır;
3.9. İxtiralara dair Respublikada keçirilən kütləvi və elmi tədbirlərdə iştirak edir, ixtiraçılıq məsələləri üzrə əlaqıdar respublika orqanlarında universiteti təmsil edir;
3.10. Əlaqıdar idarə və müəssisələrin ixtiraçılıq, patent-lisenziya, elmi-tədqiqatların tətbiq mexanizmi və yolları barədə müsbət təcrübələrini öyrənir və istifadə edir;
3.11. Universitetdə yüksək səmərə verən ixtiraların yaradılması və patent-lisenziya işində yaxın göstəriciləri olan bölmələrin mükafatlandırılmasına dair təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
3.12. Universitetdə yerinə yetirilmiş böyük xalq təsərrüfatı əhəmiyyəti olan elmi-tədqiqat işlərinin, işləmələrin və noy-xay-nun xalq təsərrüfatında tətbiqi üçün lazımi elmi-metodiki, texniki-iqtisadi, reklam və təşkilati tədbirlər hazırlayır və həyata keçirir;
3.13. Respublikanın elmi-texniki və sosial-iqtisadi planların daxil edilmək üçün universitet ixtiraçılarının tətbiqi elmi-tədqiqat işlərini və işləmələrini seçir və əlaqədar rəhbər orqanlara, ilk növbədə respublika İqtisadi İnkişaf Nazirliyinə təqdim edir;
3.14. İxtiralar və aktual elmi-tədqiqat işlərinə dair referativ informasiya bülletenləri hazırlayır və xarici ölkə sifarişlərinə, müəssisə və təşkilatlara və respublikaların nazirlər kabinetlərinə göndərir;
4. Qrupun imtiyazları:
Yuxarıda göstərilən vəzifə və funksiyaları yerinə yetirmək üçün qrup aşağıdakı imtiyazlara malikdir:
4.1. Universitet bütün bölmələrində elmi-tədqiqat ixtiraçılıq və patent-lisenziya işlərinin vəziyyətinə, bu sahədə normativ aktlara və təsdiq edilmiş planlara riayət edilməsinə nəzarət etmək;
4.2. Universitetdə plan üzrə aparılan elmi-tədqiqat işlərinə və işləmələrə dair lazımi məlumatların vaxtında qrupa təqdim edilməsini tələb etmək, onların ixtira səviyəsini müəyyənləşdirmək və məxfilik tələblərinin qorunmasını təmin etmək;
4.3. Dövlətin iqtisadi marağına, əxlaq və mənəviyyata zidd olan iddia sənədlərinin təqdimatının qarşısını almaq və bu barədə əlaqədar yuxarı orqanlara yazılı etiraz etmək;
4.4. Planlaşdırılan, mərhələlərlə yerinə yetirilən və qurtarmış elmi-tədqiqatların və işləmələrin hərbi-strateji, patent və nou-xau əlamətlərini müəyyən etmək və bu əlamətlər olduqda onların açıq mətbuatda dərc edilməsinin qarşısını almaq;
4.5. Universitetin ixtira, patent-lisenziya və elmi tədqiqatlarının tətbiqi ilə bağlı olan bütün hüquqi mübahisələrdə səlahiyyətli nümayəndə kimi təmsil olunmaq;
4.6. İxtiraçılıq, patent-lisenziya və işləmə sahəsində universitetin sahiblik, müəlliflərin isə müəlliflik hüquqlarını qüvvədə olan hüquqi aktlara və qanunçuluğa əsasən qorumaq;
4.7. Şöbənin təsdiq edilmiş vəzifə və funksiyaları çərçivəsində Agentlik, Patent Tədqiqatı Mərkəzi ilə, nazirlik və idarələrlə lazımi yazışmalar aparmaq və universitetin bu sahədə qanuni hüquqlarını qorumaq;
4.8. Təhsil Nazirliyində, universitet elmi şurasında və digər səlahiyyətli orqanlarda elmi-tədqiqat işlərinin planlaşdırılması və tətbiqinə, ixtira və patent-lisenziya işlərinə dair məsələlərə baxılarkən bu tədbirlərdə rəsmi iştirak etmək;
4.9. Universitetin tədris planlarına uyğun olaraq patentşünaslığa dair təlim-tədris işlərində və lazımı tədris materiallarının hazırlanmasında iştirak etmək;
Şöbənin nümunəvi əsasnaməsi Azərbaycan respublikasının əlaqədar qanunlarına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin normativ-texniki və təlimat materiallarına, Respublika Təhsili Nazirliyinin bu sahədə qərar və göstərişlərinə əsaslanaraq tərtib edilmişdir. Əsasnamədə bazar iqtisadiyyatının patent işi ilə bağlı olan əsas tələbləri nəzərə alınmışdır.
ELMİ-TƏDQİQAT İŞLƏRİNİN METROLOJİ TƏMİNATI QRUPU
1. Ümumi müddəalar:
1.1. Bakı Dövlət Universitetinin metroloji xidməti Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin elmi-metodiki rəhbərliyi altında fəaliyyət göstərir.
1.2. Metroloji xidmətin əsas vəzifələri aşağı¬da¬kı¬lardır:
a) ölçü vasitələrinin dəqiqliyini və universitetdə metroloji xidmətin səviyyəsinin yüksəldilməsini təmin edir;
b) universitetdə aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasında, texniki səviyyənin keyfiyyətcə yaxşılaşdırılmasında müasir metodları və ölçü vasitələrini tətbiq edir;
c) elmin və texnikanın müasir tələblərinə cavab verən, elmi tədqiqatların, konstruktor və təcrübi işlərin səmərəliliyinin yüksəldilməsini təmin edən ölçü, sınaq və nəzarət vasitələrinin tətbiqini həyata keçirir;
d) iş şəraitinin təhlükəsizliyinə əməl edilməsinə nəzarət edir.
2. Metroloji xidmətin strukturu:
2.1. Rəsmi ştat cədvəlinə görə, universitetin metroloji xidməti baş mütəxəssis və mühəndis-metroloqdan ibarətdir.
2.2. Metroloji xidmət öz fəaliyyətində birbaşa elmi işlər üzrə prorektora tabedir.
2.3. Metroloji xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Metrologiya İdarəsi metodiki rəhbərlik edir.
3. Metroloji xidmətin vəzifələri:
3.1. Universitetin metroloji təminatı, aparılan işlərin müntəzəm olaraq təhlili və nəzarətin yerinə yetirilməsi.
3.2. Universitetin ölçü vasitələrinə tələbatının öyrənilməsi və onların alınması üçün təkliflərin hazırlanması.
3.3. Ölçü vasitələrinin yoxlanması və təmiri üzrə işlərə nəzarət edilməsi;
3.4. Universitetin metroloji təminatını qaydaya salan standartların və digər normativ-texniki sənədlərin tətbiq edilməsi;
3.5. Ölçü vasitələrinin vəziyyətinə və istifadəsinə, ölçmə metodlarının yerinə yetirilməsi üçün lazım olan NTS-lərin mövcudluğuna, düzgün tətbiqinə və qəbul olunmuş metroloji qaydalara əməl olunmasına nəzarət edilməsi;
3.6. Ölçü vasitələrinin dövlət yoxlama qrafiklərinin tərtib olunması və onların razılaşdırılması üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim edilməsi;
3.7. Metrologiya sahəsində kadrların ixtisasının artırılmasının təşkili;
3.8. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən metroloji təminat sahəsində aparılan dövlət nəzarətini, ölçü vasitələrinə nəzarət zamanı onlara kömək göstərməyi, ölçü vasitələrinin (əgər onlar istismar olunduqları yerdədirsə) dövlət yoxlanışını həyata keçirilməsi;
3.9. BDU-da metrologiya sahəsində ən yeni elmi nailiyyətlər barədə informasiyalar vermək və bu sahədə elmi-texniki sənədlərin soraq-informasiya fondunu yaratmaq;
3.10. Metroloji qaydalara, tələblərə dair aşkar edilən pozuntuların aradan qaldırılmasına, yararsız ölçü vasitələrinin istifadədən çıxarılması sahəsində əlaqədar şəxslərə təlimatların verilməsi.
4. Metroloji xidmətin hüquqları:
4.1. Ölçü vasitələrinin vəziyyəti, metrologiya qaydalarının tətbiqi və həmin qaydalara riayət olunması məsələləri üzrə konkret təkliflər hazırlamaq və vermək;
4.2. Ölçü vasitələrindən istifadə edərkən metrologiya qaydalarına əməl edilməyinə dair tədbirlər görmək;
4.3. Mövcud qanunvericiliyə və metrologiya Sahəsində dövlət standartlarına zidd olan əmrlərin, sərəncamların və s. ləğvi barədə təkliflər vermək;
4.4. Dövlət yoxlamasından keçməmiş və yararsız ölçü vasitələrindən istifadə edərək, metroloji qaydaları pozan şəxslərin cəzalandırılması üçün müəssisə rəhbərliyi qarşısında məsələ qaldırmaq.
5. Metroloji xidmətin işlərinə nəzarət:
5.1. Metroloji xidmətin işlərinə dövlət nəzarətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi həyata keçirir.
5.2. Müəssisənin rəhbərliyi elmi-tədqiqat işlərinin metroloji təminatına dövlət nəzarətini icra edən şəxslərə, yoxlama nəzarətini həyata keçirməyi təmin etməlidir.
Bu əsasnamə «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2000-ci ildə qəbul etdiyi milli qanuna, 8.513.84 (ölçü vasitələrinin yoxlanması) və 8.002.86 (ölçü vasitələrinin yoxlanmasına dövlət nəzarəti) nömrəli dövlət standartlarına əsaslanaraq tərtib edilmişdir.
